antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Şişirdilmiş yol xərci May 14, 2012

Filed under: İstedadların əl işləri — biazb @ 2:21 axşam
Şişirdilmiş yol xərci

Sərnişinlər kassalarda biletin real qiymətindən daha artıq pul ödəməkdən zara gəliblər

Natavan Şirinova, Zaqatala-Qax

07.05.2012

“Biletin üstündə bir qiymət yazırlar, amma sərnişindən artıq alırlar. Avtobusun içində heç bir xidmət də göstərilmir ki, deyəsən, artıq pul xidmətə görədir. Hələ bu da azmış kimi 1 manat da əlimdəki yükümə görə alırlar”.
Roza Mustafayevanın dediyinə görə, Zaqatala avtovağzalının kassasından Bakıya getməyə bilet alıb. Kassirə 8 manat məbləğində pul ödəsə də biletin üzərində qiymət 7manat 10 qəpik kimi qeyd olunub.
Digər sərnişin Ağca Cəfərova da biletin üzərindəki qiymətlə kassaya ödənən məbləğin üst-üstə düşmədiyini deyir:
“Sonuncu dəfə martın 31-i 16:00 üçün Bakıya bilet aldım. Biletin üzərində 6 manat 70 qəpik yazılmışdı, amma kassir məndən 8manat aldı. Bakıya təlimə gedirdim. Bileti təşkilatçılara təqdim etdikdə, mənə biletdə olan məbləğ ödənildi. Bəlkə də çoxları üçün 1 manat 30 qəpik heç də böyük məbləğ deyil. Ancaq mən tələbəyəm, hər tərəfli inkişafım üçün tez-tez Bakıya və başqa şəhərlərə təlimlərə, seminarlara gedirəm. Hər dəfə gediş və gəliş üçün 2 manat 60 qəpik artıq pul xərclədikdə, bu onsuz da kasad olan tələbə büdcəsinə öz təsirini göstərir. Axı valideynlərim imkanlı deyil və bu məbləğ mənim 1 günlük yemək xərcimdi”, – deyə tələbə qız bildirir.
Ağcanın sözlərinə görə, avtobusun içi rahat olsa da, sürücülərin artıq qazanc əldə etmək həvəsi sərnişinlərin narahatlığı bahasına başa gəlir.
“Avtobusda bütün yerlər dolduqdan sonra sürücü yoldan adam götürür və skamyaların arasına yerləşdirdiyi kiçik stullarda əyləşdirir. Narahat stullarda əyləşən sərnişinlər də gediş haqqı olaraq 8 manat ödəyirlər”, deyən Fərid Əzimov da tələbə qızın sözlərini təsdiqləyir.
20 ildir ki, sürücülük edən Kərim Əhmədov da ən az sərnişinlər qədər durumdan narazıdır: “Mən ayda 400 manat maaşa baxıram. Bununla ailə dolandırmaq mümkün deyil. Bu pulla ailəmin aylıq ehtiyaclarının heç yarısını da ödəyə bilmirəm. Övladlarımın məktəb xərcinə güclə pul çatdırıram. Elə buna görə də əlavə sərnişinlər götürməyə məcburam. Neyləyim?..”
Sürücünün dediyinə görə, kassada biletin real dəyərindən artıq alınan pullar isə sərnişinlərə göstərilən xidmətə xərclənir: “Gediş haqqı 6manat 89 qəpikdir. Avtobusun içərisində sərnişinlərə çay, kofe təklif olunur. Üstəlik sərnişinlər də azdır, hər gedişdə 15-20 nəfər minir avtobusa. Zaqataladan Bakıya 420km-dir, 140 litr benzin istifadə edirik. Bu qədər sərnişinin ödədiyi pul heç benzin pulunu çıxartmağa yetmir”.
Kassir Fərhad Əmirov da israrla biletlərə görə artıq alınan pulların sərnişinlərə göstərilən əlavə xidmətlərə xərcləndiyini bildirir.
Zaqatalada müşahidə olunan bu vəziyyət Qax şəhərində də eynilə mövcuddur. Qaxdan da Bakıya gediş haqqı 8 manatdır və elə burada da sərnişinlərə heç bir əlavə xidmət göstərilmir.
Həyatının böyük hissəsini sürücülüyə həsr eləmiş Nazim Axundovun söylədiyinə görə sovet dönəmindən fərqli olaraq hazırda sürücülərin vəziyyəti çətinləşib. Bunun fəsadları isə sərnişinlərin cibinə təsir edir:
“Zaqataladan Bakıya Kürdəmir yolu ilə 420 km, Şamaxı yolu ilə isə 380 km-dir. Orta hesabla gediş üçün 250 litr yanacaq işlənir ki, ümumilikdə gediş-gəliş üçün sərf olunan yanacağın qiyməti 130 manat təşkil edir. Avtobusda hər çıxışda cəmi 15-20 sərnişinin olduğunu nəzərə alsaq, onlardan toplanan yol pulu 120-160 manat eləyir. Müasir bazar iqtisadiyyatı dövründə texniki vasitələrin hansısa sahibkara məxsus olduğunu və sahibkarın hər çıxış üçün dövlətə vergi ödədiyini, lisenziya xərcini, sürücü və digər xidmət personalının əmək haqlarını, hələ üstəlik avtobusa göstərilən texniki xidmətin xərcini də hesaba qatdıqda sərnişinlərdən 8 manat alınmasını normal saymaq olar”, – deyən təcrübəli sürücü sadəcə bu məbləğin rəsmi qiymət elan olunmasını, biletlərin üzərinə də o cür yazılmasını doğru sayır.
Ekspert həmçinin Sovet dönəmində sərnişinlərin sayından asılı olmayaraq sürücülərin dövlətdən stabil əmək haqqı aldıqlarını, yanacaq və digər xidmətlərin də dövlət hesabına olduğunu qeyd etdi: “Bütün bunlar keçmişdə qaldığı üçün sürücülərin işi çətinləşib”.
“Bizdə adət eləyiblər, sürücünün problemi varsa, bunun həllini başının üstündəkindən tələb eləmək əvəzinə, sərnişinlərin cibinə girməklə həll edirlər. Axı sürücünün vəziyyəti yaxşı deyil deyə, mən niyə biletin üzərində göstəriləndən artıq pul ödəməliyəm?!”, – bunları isə ayda bir yol Zaqataladakı doğmalarını görməyə gedən Rəna Hacıyeva deyir.

Natavan Şirinova, tələbə

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma