antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Beynəlxalq əlaqələr İyun 18, 2012

Filed under: Təhsillə bağlı qanunlar, proqramlar — antifenu @ 6:08 axşam

Azərbaycan Respublikasının təhsil sahəsində beynəlxalq əlaqələrin əsas istiqamətləri tələbə, şagird və magistr mübadiləsi, birgə elmi tədqiqatlar, beynəlxalq və regionlararası təhsil proqramlarına qoşulma və onların işində yaxından iştirak etməkdən ibarətdir.

Ölkənin təhsil sahəsində beynəlxalq əlaqələrin əsas koordinasiya mərkəzi olan Təhsil Nazirliyinin səmərəli fəaliyyətinin nəticəsi olaraq Azərbaycan Respublikası təhsil sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsi təmin edilmişdir.

Bunun nəticəsidir ki, Azərbaycanın təhsil müəssisələri YUNESKO, YUNİSEF, YUNEVOK, İSESKO, Avropa Təhsil Fondu, Avropa Şurası və Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatların təhsil problemləri ilə məşğul olan qurumlarının işində fəal iştirak edirlər. Beynəlxalq təşkilatlarla aparılan səmərəli əməkdaşlığın nəticələrindən biri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən TEMPUS/TASİS proqramına Azərbaycan ali məktəbləri fəal cəlb olunmuşdur.

Son illər ərzində Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində ölkəmizin 16 ali məktəbini əhatə edən 4,4 milyon avro məbləğində 21 layihə həyata keçirilmişdir. Layihə çərçivəsində tələbə mübadiləsi, mütəxəssis hazırlığı, müəllimlərin xaricdə stajkeçməsinin təşkili, ali təhsil müəssisələrinin müasir informasiya texnologiyaları və tədris avadanlıqları ilə təchizatı üzrə tədbirlər həyata keçirilmişdir. 2005-2006-cı illərdə müxtəlif layihələrə 2 milyon avro həcmində vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Bu proqramın maliyyə-texniki yardımı ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, o cümlədən “Qərb Universiteti”, “Xəzər Universiteti” və “Təfəkkür” kimi özəl ali məktəblərdə bir sıra məqsədyönlü işlər görülmüşdür.

Təhsil Nazirliyinin çox sıx və səmərəli əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri YUNİSEF-dir. Azərbaycan hökuməti ilə YUNİSEF arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində 2000-2004-cü illər arasında “Erkən uşaqlıq dövründə inkişaf və daha yaxşı valideynlik təşəbbüsü”, “Fəal təlim və məktəb rəhbərliyi”, “İnkişaf üçün təhsil və Uşaq Hüquqları Konvensiyası (UHK)”, “Təhsil sistemində məlumatların və təhlillərin təkmilləşdirilməsi”, “Gənclərin sağlamlığı və inkişafı”, “Valideyn-Müəllim Assosiasiyasının yaradılması”, “Mina Təhlükəsinə dair Maarifləndirmə” kimi layihələr üzrə müvəffəqiyyətlə iş aparılmışdır. Son 5 ildə əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilən tədbirlərə ildə 300 min ABŞ dolları olmaqla ümumilikdə 1,5 milyon ABŞ dolları həcmində vəsait sərf edilmişdir. Bu layihələr növbəti illərdə də davam etdirələcəkdir.

Azərbaycan hökuməti ilə YUNİSEF arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində 2004-cü ilin noyabrında Təhsil Nazirliyi və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən “Fəal/interaktiv təlimin Azərbaycanda tətbiqinə dair milli siyasətin hazırlanması” mövzusunda 2 günlük konfrans keçirilmiş, “Fəal/interaktiv təlim texnologiyasının (FİTT) Azərbaycanda tətbiqi ilə bağlı fəaliyyət istiqamətləri” adlı sənəd hazırlanmışdır.

Bunlarla yanaşı, Təhsil Nazirliyi ABŞ, Fransa, Böyük Britaniya, Qazaxıstan, Almaniya, Rusiya, Çin, Yaponiya, İsrail, Cənubi Koreya, Səudiyyə Ərəbistanı Krallığı, Türkiyə, İran, Misir, Hindistan, Ukrayna, Gürcüstan, Moldova, Çexiya, Slovakiya, Özbəkistan və Polşa kimi ölkələrlə birbaşa təhsil əlaqələri yaratmışdır və bu əməkdaşlıq bu gün də uğurla davam edir.

Təhsil Nazirliyinin rəhbərliyi Fransa, Türkiyə, Böyük Britaniya, Rusiya, İran, ABŞ və Almaniya ilə təhsil sahəsində birbaşa əməkdaşlıq proqramı çərçivəsində həmin ölkələrdə olmuş, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutan protokollar imzalamışdır.

Azərbaycan Respublikasının ali məktəbləri xarici ölkələr üçün kadr hazırlığı sahəsində böyük ənənə və təcrübəyə malikdir. Hələ keçmiş SSRİ dövründən güclü maddi-texniki bazası və geniş potensiala malik olan respublikanın ali məktəblərində XX əsrin 70-ci illərindən başlayaraq dünyanın müxtəlif ölkələrindən minlərlə əcnəbi vətəndaş ayrı-ayrı ixtisaslar üzrə təhsil almışdır. Bu ənənə bu gün də davam etməkdədir.

Ali təhsil sistemində aparılan məqsədyönlü işlərin nəticəsidir ki, hazırda Azərbaycanın ali məktəblərində 41 ölkədən 3438 nəfər əcnəbi tələbə təhsil alır. Bu nəticə ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi, ən başlıcası isə ölkə daxilində yaradılmış sabit və sağlam mühit sayəsində əldə edilmişdir.

Son illlərdə xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı xeyli artmışdır. Hazırda dünyanın aparıcı universitetlərində Azərbaycanın orta məktəblərini bitirmiş 3000-dən artıq gənc yüksək göstəricilərlə ölkəmiz üçün zəruri ixtisaslara uğurla yiyələnirlər.

Azərbaycan Respublikası ali məktəblərində əcnəbi vətəndaşlar bakalavr, magistratura, aspirantura və doktorantura pillələrində dövlət hesabına və ya ödənişli əsaslarla təhsil alırlar.

Ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinə, xüsusilə ali məktəblərə əcnəbilərin şəxsi müqavilə əsasında cəlb olunması sahəsində uğurlar əldə olunmuşdur. Xarici vətəndaşlarla təhsil müəssisəsi arasında imzalanan müqavilələr əsasında həyata keçirilən belə təhsil ödənişli olduğu üçün ölkəyə xaricdən böyük həcmdə valyuta vəsaitinin cəlb olunmasına zəmin yaradır. Bütün bunlar ali məktəblərimizdə onilliklər boyu əldə edilmiş elmi nailiyyətlərin və təcrübənin səmərəli şəkildə istifadə olunması kimi qiymətləndirilməlidir.

Bu gün Azərbaycanın təhsil sistemində Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun “Addım-addım” və “Tənqidi təfəkkürün inkişafı” texnologiyaları, BMT-nin “Davamlı insan inkişafı”, ABŞ-ın “Proyekt Harmoniya” təşkilatının, YUNESKO-nun “Assosiativ məktəblər”, “Qardaşlaşmış məktəblər” layihələri, “Alman Akademik Mübadilə Xidməti”, “Gənclərin nailiyyəti” təşkilatlarının proqramları ümumilikdə 200-dən çox təhsil müəssisəsində uğurla tətbiq edilir.

http://az.wikipedia.org/wiki/T%C9%99hsil_Nazirliyi

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma