antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Dövlət tərəfindən həyata keçirilən ipoteka kreditləşməsinin əhalinin mənzil təminatında rolu Oktyabr 9, 2012

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 2:20 axşam

Azərbaycanda ipoteka krediti əksər hallarda dövlətin sosial-iqtisadi proqramı kimi başa düşülsə də, inkişaf etmiş maliyyə bazarlarında bu kredit növü daha geniş anlama malikdir. İnkişaf etmiş beynəlxalq təcrübədə ipoteka – daşınmaz əmlakın girovu anlamını daşısa da, bu gün ipoteka çevrəsinin genişləndirilməsi məqsədilə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əmlakların da onun hüdudlarına daxil edilməsinə rast gəlinir. Bir sözlə, geniş mənada ipoteka dedikdə, daşınmaz və rəsmi reyestrlərdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əmlakın girovunu başa düşmək olar.

Əhalinin minimum yaşayışla təmin olunması baxımından mənzil bazarı həm də sosial əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, hər bir dövlət bu sahədə müxtəlif stimullaşdırıcı layihələr həyata keçirməkdə maraqlıdır. O cümlədən, Azərbaycan hökuməti tərəfindən də əhalinin, xüsusən də gənc və aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər artıq neçə illərdir ki, həyata keçirilməkdədir. Dünya maliyyə böhranı fonunda dövlətin bu sahədəki stimullaşdırıcı maliyyə proqramlarının davam etdirilməsi ilə yanaşı, əhali gəlirlərinin də artımı Azərbaycan ipoteka kreditləri bazarındakı tempin sabit saxlanılmasında mühüm rol oynamışdır.

Yaşayışla təmin olunma, mənzil bazarında tələbi formalaşdıran əsas amillərdəndir. Odur ki, mənzil bazarındakı tələbin formalaşmasına təsir edən əsas qüvvə minimum yaşayış ehtiyacını ödəmək istəyən geniş əhali kütləsidir.

Mənzil tələbatının ödənilməsi üçün müxtəlif vasitələrdən istifadə oluna bilər: mənzilin kirayələnməsi və ya üzərindəki bütün növ mülkiyyət hüququ ilə birlikdə özəl mənzilin əldə olunması. Əgər kirayələnmədə əsas məqsəd yalnız yaşayışı təmin etməkdirsə, özəl mənzilin əldə olunması həm də rifah halının göstəricisidir. Bu səbəblərdəndir ki, əhalinin yaşayış səviyyəsi ölçülərkən onların mənzillə təmin olunma faizi, əmlak bazarının mövcud qiymətləri və onların inkişaf dinamikası da nəzərə alınır.

Mənzil bazarı həmçinin rahat və gəlirli bir investisiya alətidir. Əmlak bazarına qoyulan investisiyaların böyük hissəsi əsasən birinci bazara – yəni mənzil sənayesinə yatırılır. Lakin qeyd olunmalıdır ki, mənzil tikintisinə qoyulan investisiyanın gəlirlilik səviyyəsi cəlbedici olduğu qədər də risklidir.  Qeyd edilməlidir ki, təkrar mənzil bazarına qoyulan yatırımlar da mənzil bazarında qiymətin formalaşmasına təsir edir.

Lakin yeni inkişaf mərhələsinə yaxınlaşan Azərbaycan əmlak bazarının mövcud imkanları, bu bazara xas olan risklər və onlardan sığorta olunma kimi məsələlərdə qaranlıq qalan məqamlar, bu kreditləri əldə etmək istəyən şəxslər (borcalanlar) qarşısında mənfi seçim etmək riski yaradır. Bu baxımdan daimi yaşayışın əldə olunmasında borc kapitalının rolu, bu kapitalın əldə olunma formaları, kredit öhdəliklərinin yerinə yetirilməsi və borcalanın ödəmə qabiliyyətinin itməsi riskləri haqqında əhəmiyyətli məlumatlar bu risklərdən qorunmağa kömək edə bilər.

İpoteka krediti, kredit təşkilatının ipoteka zəmanəti əsasında (yəni mülkiyyəti girov qoymaqla) əmlak aktivlərinin alınması üçün borcalana və ya birgə borcalanlara verdiyi pul vəsaitidir. Mənzilin uzun müddətə borca alınmasının iki əsas forması vardır: bunlar bank və qeyri-bank ipotekalarıdır. Bank ipotekası mənzilin uzun müddətə borca alınmasının ən çox istifadə olunan maliyyələşmə formasıdır. Adətən banklar ipoteka kreditini 10-25 və bəzən də 30 il müddətinə, alınan əmlakın 70%-i həcmində verir. Bu kreditlərə ya fiksə edilmiş (əvvəlcədən müqavilədə konkret göstərilərək heç vaxt dəyişdirilməyən) yaxud da üzən (inflyasiyaya proporsional olaraq dəyişən) faiz dərəcələri tətbiq oluna bilər. Təcrübədə bank ipoteka kreditləşməsinin iki əsas modeli mövcuddur. Bunlar seküritizasiya (Amerikan) modeli və sosial (Avropa) modelləridir.

Normal ipoteka kreditlərində maksimal məbləğ 50 min manat, kredit faizi 8 faiz civarındadır. Əhalinin güzəştli təbəqəsinə isə verilən maksimal məbləğ 35 min manat olsa da, onların illik kredit faizi 4 faiz ətrafındadır. Hər iki halda ilkin ödəniş 15 faiz təşkil edir. İpoteka Fondu tərəfindən ipoteka kreditlərinin verilməsinin öz prosedur qaydaları da var. Belə ki, alınan evlər hər bir halda girov qoyulmalıdır. Əgər yeni inşa edilən binadan mənzil alınırsa və həmin binanın dövlət reyestrindən keçmiş müvafiq sənədi yoxdursa, bu zaman alınan mənzilin əvəzində digər qeydiyyat sənədi olan köhnə mənzil girov qoyula bilər. Digər vacib meyarlardan biri də vətəndaşın əmək haqqıdır.

Qeyd edək ki, Azərbaycanda İpoteka Fondunun hesabına ipoteka kreditlərinin verilişinə 2006-cı ildən başlanılıb. Qafqazda analoqu olmayan İpoteka Fondunun Azərbaycanda yaradılmasında əsas məqsəd isə gənclərin sosial durumunu yaxşılaşdırmaqdan ibarət olub.

İpoteka kreditlərinin verilməsi şərtləri

Şərtlər

Adi ipoteka kreditləri

Güzəştli ipoteka kreditləri


Maksimal məbləğ
50 000 AZN 35 000 AZN
Maksimal illik faiz dərəcəsi 8% 4%
Maksimal müddət 25 il 30 il
İlkin ödəniş 15% 15%

Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri aşağıdakı tələblərə cavab verməlidir:

  • Kredit Azərbaycan manatı ilə verilməlidir;
  • Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;
  • İpoteka predmeti yalnız mənzil və ya fərdi yaşayış evi ola bilər;
  • Kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 85%-dən çox olmamalıdır;
  • İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır;
  • Borcalanın (birgə borcalanın) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az götürülə bilməz.
  • Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;
  • Kredit daşınmaz əmlakın ipotekası ilə təmin olunmalıdır;
  • İpoteka ilə yüklü edilən daşınmaz əmlak AİF tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;
  • İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;
  • Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;
  • İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;
  • Həyat sığorta müqaviləsi. Birgə borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və birgə borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır;
  • AİF tərəfindən müəyyən olunan digər tələblər.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma