antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Kredit götürən rəhmətə getdikdə krediti kim ödəməlidir? Noyabr 15, 2012

diedHeç bir insana ölüm xəbəri əvvəlcədən verilmir, belə ki, insanların əksəriyyəti kredit alarkən əgər o rəhmətə gedərsə krediti kim ödəyəcək sualına cavab axtarmırlar.

Bəs əgər kredit alan şəxs rəhmətə gedərsə nə baş verir?

Ümumilikdə qanunvericilikdə borc alan şəxs həyatda yoxdursa öhdəlik həmin şəxsin qanuni vərəsəsinə düşür. Rəhmətə getmiş şəxsin qanuni vərəsəsi həmin şəxsin həm debitoru, həm kreditoru olur. Yəni o debitor kimi rəhmətə getmiş şəxsin mirasının sahibi olmaqla yanaşı, həm də kreditor kimi rəhmətə getmiş şəxsin borclarının öhdəliklərini daşıyır. Qanuni vərəsəlik isə qanunvericiliklə 6 ay müddətində müəyyənləşdirilir, şəxsin ölümündən 6 ay sonra notarius tərəfindən qanuni sənəd verilir və həmin adama qanuni vərəsə adı alır. Bu mülki məcəllə ilə müəyyənləşdirilir.

Praktikada isə adətən verilən kreditlərə 3cü tərəfin zəmanəti olur. Borc alan rəhmətə getdikdə borc alanın qanun vericiliyə müvafiq formada, ailə üzvlərinə hansısa bir formada müqavilə tanıdılırsa, ailə üzvləri, əks halda zamin duran şəxslər artıq bu öhdəliyi daşıyan şəxslər hesab olunur. Praktikada real olaraq adətən şəxs rəhmətə getdikdə mentalitetdən irəli gələrək, bu dini baxımdan da belədir ki, “Quran-i Kərim”də də belədir ki, borcu olan şəxsin ilk növbədə borcu bağışlanmalı, bağlanmalıdır. Bu iki haldan biri baş vermirsə dini baxımdan bu şəxsin dində cəsədin torpağa basdırılması, tapşırılması qeyri mümkündür. Rəhmətə gedən şəxsin qohumları ya üçündəmi , ya yeddisindəmi rəhmətə gedənin kredit borcunu bağlayırlar. Bəzi kredit təşkilatları var ki, borcu tam şəkildə bağlayırlar, rəhmətə getmiş şəxsə bağışlayırlar, əksər kredit təşkilatlarında isə faiz və cərimə hesablanması dayandırılır.

Riskin aradan qaldırılma üsulu varmı? Hansı hallarda sığorta bu borcu ödəyə bilər və bu proses necə baş verir?

Bu riskin ən uyğun aradan qaldırılması üsulu borcalanın həyat risklərinin sığortalanması yəni rəhmətə getməyə qarşı, eləcə də əmək qabiliyyətinin tam itirməyə qarşı kredit məbləğinə uyğun şəkildə sığortalanmasından ibarətdir, belə hallar baş verdik də sığorta şirkəti kredit borcunu ödəyir, bu sığorta növü həyat sığortası adlandırılır. Əslində bu növ sığortalanma həm kreditor, həm debitor tərəfindən, yəni həm krediti alan, həm də krediti verən tərəf üçün daha uyğundur. Reallıqda əksər hallarda isə kredit təşkilatları həyat sığortasını tələb etmirlər, çünki həyat sığortası kifayət qədər bahalıdır, yəni ucuz deyil. Sığorta haqqı borc alanın yaş qrupundan asılı olaraq dəyişir, əgər borc alan həddən artıq yaşlıdısa, kreditin 7-8%-ə qədər sığorta haqqı faizləri qalxa bilər. Ən aşağı faizlər isə daha aşağı yaş qrupu yəni cavan insanlar üçün tətbiq olunur ki, bu halda təqribən 1-2% həcmində tutulur.

Bank və kredit təşkilatlarının fikrincə isə müştəridən əlavə olaraq həyat sığortasının məcburi qayda da tələb edilməsi müştərinin alıcılıq qabiliyyətinə təsir edəcək. Amma əgər kredit götürənə bu hallar izah olunarsa, daha uyğun aşağı faizlər hesablanarsa, kredit götürən özü də sığortalanmaya maraqlı olacaq. Çünki artıq kredit götürən biləcək ki, sabah başına bir iş gəldiyi halda, bəri başdan 5000 AZN-lik kreditə 30-50 manat sığorta haqqı ödədiyi üçün, rəhmətə getmə və ya əmək qabiliyyətinin tam itirmə halında, nə ailə, nə qohumlar, nə də ki zaminlərə müraciət olunmayacaq və onlar bu borcu ödəmək məcburiyyətində qalmayacaqlar. Həyat sığortası mexanizmi ilə bu riski tam şəkildə aradan qaldırmaq mümkündür.

Hansı hallarda ailə və ya zaminə borcun ödənməsi üçün müraciər olunur?

İlk əvvəl borcalanın ailə üzvləri, 1ci dərəcəli qohumlarla ilə danışığa cəhd edilir. Əgər ailənin baş biləni, nəslin ağ saqqalı varsa, ilk əvvəl onlarla görüşülür. Onlara rəhmətə gedən şəxsin kredit borcu barədə məlumat verilir. Hətta bəzən istisna hallarda baş verir ki, məsələn ailə üzvlərinin rəhmətə gedənin borcu olması haqqında xəbəri olmur. Ailənin yanaşmasından asılı olaraq, 3cü tərəfə və ya tərəflərə yəni zaminlərə müraciət olunur. Ailə kredit borcunun ödənilməsi öhdəliyini öz üzərinə almadığı təqdirdə artıq zamindən kredit borcunun ödənilməsi tələb olunur. Rəsmi şəkildə kredit borcu və gecikmələr barədə məktub göndərilir, məsələn artıq kreditin gecikdirilməsi borcu yaranıb və bu barədə məlumat verilir. Gecikdirilmə borcu yenə də hər bir bankın, kredit təşkilatının daxili nizamnaməsi ilə müəyyənləşdirilir ki, necə günlük gecikmə olarsa məhkəməyə müraciət olunsun. Şəxsin artıq öz öhdəliklərini yerinə yetirməməsi barədə təlimata əsasən bank sənədləri hazırlayıb məhkəməyə təqdim edir.

Rəhmətə getmə günü ilə cərimələrin hesablanması arasındakı əlaqə necədir? Gecikməyə görə cərimə faizlərinin hesablanmasında dəyişiklik baş verirmi və ya dayandırılırmı?

Faktiki rəhmətə getmə günü, təbii ki həmin gün məlum olur, bankın nümayəndəsi yas merasimində iştirak edərək şəxsin rəhmətə getməsini təsdiqləyir. Sadəcə ölən gün ölüm şəhadətnaməsi verilməsi halı praktikada çox zaman mümkün deyil ancaq istisna hallarda baş verir. Əksər hallarda 10 gün, 15 gün, 20 gün, bəzən hətta aylarla uzana bilər. Əgər rəhmətə getmə halında şübhə doğurucu məqamlar varsa, dəqiq şəkildə ölüm səbəbinin müəyyənləşdirilməsi üçün ölüm şəhadətnaməsinin verilməsi aylarla çəkə bilər. Şəhadətnamə banka təqdim edildikdən sonra, gecikmə üzrə cərimə faizlərin hesablanıb hesablanmaması yenə də hər bir kredit təşkilatının, bankın daxili nizamnaməsinə uyğun qaydalarla müəyyələşdirilir. Təşkilat var ki, onun rəhmətə getmə halından, daha doğrusu ölüm kağızında göstərilmiş rəhmətə getmə halından artıq cərimələrin hesablanmasını dayandırır və ondan sonrakı müddəti hesablamır. Təşkilat var ki, hesablamağa dəvam edir. Təşkilat var ki, bu tip fors-major halları üçün xüsusi daxili qaydalar müəyyənləşdirir.

Kredit borcu olan şəxs öldükdə kreditin ödənməsi prosesində hansı dəyişikliklər baş verir?

Normal kredit borcunun ödənməsində kifayət qədər fərqlər, hətta istisnalar ortaya çıxa bilər. Belə ki, məsələn, ailə üzvləri şəxsin rəhmətə getməsindən 6 ay sonra ölüm şəhadətnaməsini banka təqdim ediblər, ancaq 6 ay müddətində artıq gecikməyə görə cərimə faizləri hesablanıb, hələ üstəlik ailə bildirir ki, onların mövcud vəziyyətində kredit borcunun aylıq ödənişi 150 manat idisə, onlar cəmi 100 manat ödəyə bilərlər, bu hala kreditinin ilkin ödəniş cədvəlinin dəyişdirilməsi, kredit üzrə müəyyənləşdirilmiş ilkin ödəniş şərtlərinin dəyişdirilməsi deməkdir. Bu hal qanunvericilikdə müqavilə tərəflərinin hər biri olarsa həyata keçirilə bilir, çünki müqaviləyə əlavə imzalanir və həmin müqaviləyə əlavənin hüquqi qüvvəyə minməsi məsələsi ortaya çıxır.

Bu səbəbdən də hər hansı bir dəyişiklik etmək istənildikdə, müqavilə tərəflərinin hər birinin iştirakı vacibdir. Burada da yenə də artıq hüquqi varis məsələsi qüvvəyə minir ki, yəni artıq şəxsin özü rəhmətə getdiyinə görə borc alanın iştirak etməsi qeyri mümkündür, borc alanın hüquqi vərəsəsi iştirak etməlidir. Bu proses müddətində isə cərimələr, gecikmələrə uyğun faizlər hesablanmır, çünki ilkin şərtlər dəyişdirilir və bu proses kifayət qədər uzun müddət davam bilər. Çünki bu proses müəyyənləşməsi üçün ilk növbədə hüquqi varisin müəyyənləşməsi lazımdı.

Əgər daxili nizamnaməyə uyğun olaraq cərimələrin hesablanmaması tələb olunursa, bu zaman mühasibatlığa bildirilir. İstənilən halda Mərkəzi bankın tələblərindən asılı olaraq kredit faizlərinin hesablanması mühasibatlıq məqsədi ilə faiz hesablanması və kreditləşmə baxımından faiz hesablanması fərqlidir. Yəni mühasibatlıq baxımından kreditlərin hesablanma metoduna görə əgər ödəniş 90 gündən artıq gecikdirilirsə hesablanma dayandırılmalıdır, bu Mərkəzi bankın təlimatıdır. Bu təlimatın əsas vəzifəsi bankların bilərəkdən gəlirlərini şişirtməsinin qarşısını almaqdır.

Yəni tutaq ki, bankın 10 krediti var, hansı ki, həmin 10 nəfər müştəri rəhmətə gedib, faktiki bu faizlər ödənilmir, amma hesablanır, belə olduqda gəlirlər şişir və maliyyə hesabatları daha cəlb edici görsənir. Bu halda donorlar, depozit qoyanlar, istiqraz, səhm almaq istəyən şəxslər çoxala bilər ki, Mərkəzi bankın təlimatı bu riskləri sığortalamaq üçün nəzərdə tutulub. Amma kredit məqsədi ilə faizlər kreditləşmə baxımından hesablanmalıdır. Hüquqi baxımdan tərəflər müəyyənləşdirildiyi halda artıq ailənin banka olan kredit borcunun məbləğinin dəyişdirilməsi tələbinə baxılır. Ailə üzvləri bildirəndə ki, onların mövcud vəziyyətində kredit borcunun aylıq ödənişi 150 manat idisə, onlar cəmi 100 manat ödəyə bilərlər, əkser hallarda bank tərəfi bunla razılaşır. Ancaq ilkin olaraq kredit müqaviləsinin müddəti uzadılmır.

Aylıq ödənişlərin dəyişdirilməsinə gəldikdə isə, zaminin və ya zaminlərin razılığı ilə ərizələr qəbul olunaraq, müddət uzadılmadan, ödəniş məbləğinin dəyişdirilməsi halı rəsmiləşdirilir. Məsələn, tutaq ki, 12 aylıq kreditin ilk 6 ayı rəhmətə gedən şəxs tərəfindən ödənilib, növbəti 6 ay kredit borcu isə qalıb. 6 ay 150 manatdan ödəniş edilməlidi idi ancaq ailə üzvlərinin təklifinə baxıldığı üçün ödəniş məbləği 100 manata salınıb. 5 ay 100 manatdan ödəniş oluna bilər, o şərtlə ki, sonuncu ay qalıq məbləğlərin hamısı birdən ödənilsin. Yəni 5 ay 100 manat, sonuncu ay isə 400 manat ((6*150)-500) ödənilsin. Əgər sonuncu ayda ödəniş tam ödənilməzsə, onda müqavilənin uzadılması halı baş verə bilər ki, bu halda borc alanın qanuni vərəsəsi və zamin 3 tərəfli müqavilə hazırlana və rəsmiləşdirilə bilər.

Hansı hallarda zaminin krediti ödəməsi vacibdir və ya məcburidir, yoxsa zamin kredit borcunu ödəməkdən boyun qaçıra bilərmi?

Bank tərəfindən kreditin verilməsi zamanı kredit alan şəxsə zamin tələbi irəli sürülür ki, zaminlərə məhz kredit alan şəxsin kredit borcunu ödəməsində problem olduğu halda müraciət olunur və bu halda zaminlər öhdəlik daşıyır. Əgər kredit alan şəxs rəhmətə gedərsə, bu zaman ailə kredit borcunu ödəməkdən imtina edərsə, bir başa kredit borcunun ödənməsi zaminin və zaminlərin öhdəliyinə keçir. Zaminin kredit borcunun ödənməsindən boyun qaçırmaq kimi alternativi var, əgər zamin onunla bağlamış zaminlik müqaviləsinin şərtlərinin pozulmasını sübut edərsə və ya zaminlik müqaviləsinin bağlanması ilə bağlı hüquqi bazanın yetərli olmaması, şəraitin, vaxtın uyğun olmamasını sübut edərsə.

Qısaca müqavilənin yararsızlığını sübut edə bilərsə, belə bir halda zaminlik müqaviləsinə xitam verile bilər. Bu da hansı halda baş verir, misal, zaminlik müqaviləsində kreditin müddəti nəzərdə tutlub 12 ay, kredit 8-ci aydan sonra ödənməyib və kredit müqaviləsinin müddəti uzadılıb, zaminsə bu barədə məlumatı yoxdur və eyni zamanda zaminin razılığı da yoxdu. Bu hal zamin üçün kifayətdir ki, zamin zaminlik müqaviləsinə xitam verilməsini tələb etsin, yəni ilkin bağlanmış kredit müqaviləsinin şərtləri dəyişdirilib, ona əsas verir ki, ilkin bağlanmış kredit müqaviləsinə xitam verilməsi ilə bağlı iddia qaldırsın. Burda başlıca səbəb isə növbəti proseslərdən zaminin məlumatının olmamasıdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsində bu məsələlərlə bağlı olan hüquqi məqamlar üçün aşağıda yazılanlara nəzər yetirməyiniz kifayətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir.

Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir. Hesabların və əmanətlərin sahibləri vəfat etdikdə, onların hesabları və əmanətləri barəsində arayışlar notariuslara onların icraatında olan vərəsəlik işləri üzrə, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə verilir.

Bankdaxili qaydalarda kreditlərin ödənilməsi müddətlərinin uzadılmasına, qanunvericiliyə uyğun olaraq vaxtından əvvəl ödənişlərin bank tərəfindən tələb edilməsinə dair ümumi şərtlər müəyyən edilməli və kredit müqaviləsində öz əksini tapmalıdır.

Kredit verildikdə borcalanla bank arasında kredit müqaviləsi imzalanır.

4.1.19. Problemli kreditlərin tənzimlənməsi. Bankdaxili qaydalarda bank tərəfindən problemli kreditlərin tənzimlənməsi öz əksini tapmalıdır. Öz fəaliyyətinin xüsusiyyətlərinə əsaslanaraq bank problemli kreditlər anlayışını və kreditlərin problemli kimi təsnifləşdirilməsi üçün meyarları müəyyən etməlidir.

Aşağıdakı hallar kreditin statusunun pisləşməsinin səbəbləri kimi qiymətləndirilə bilər:

– bank tərəfindən tələb edilən maliyyə məlumatlarının vaxtında təqdim edilməməsi;
– kredit üzrə faizlərin və əsas məbləğin vaxtında ödənilməməsi;
– borcalanın vəsait axınında təqdim edilmiş proqnozla və biznes-planla uyğunsuzluğun yaranması;
– borcalanın maliyyə vəziyyətinin pisləşməsi;
– kreditin əsas borc məbləğinin və faizinin ödəmə müddətinin uzadılması üçün müraciət;
– borcalana qarşı məhkəmə iddialarının qaldırılması;
– borcalanın bankla görüşməkdən imtina etməsi;
– Mərkəzləşdirilmiş Kredit Reyestrindən borcu

4.1.20. Borcun gecikdirilməsi, ödənilməsi və silinməsi. Bankdaxili qaydalarda Mərkəzi Bankın prudensial tələbləri nəzərə alınmaqla kreditlərin növlərindən və gecikdirilmə müddətindən asılı olaraq faizləri hesablanmayan statusa keçirilməsi halları və səbəbləri müəyyənləşdirilməli, habelə bu barədə müvafiq hesabatların əlaqəli daxili komitələrin, İdarə Heyətinin və Müşahidə Şurasının müzakirəsinə verilməsi tələbləri müəyyən edilməlidir (problemli kreditlər haqqında hesabatda pisləşmənin səbəbləri, mümkün zərərlər və kreditlərin keyfiyyətinin yüksəldilməsi tədbirləri barədə ətraflı məlumat verilməlidir və s.).

http://banker.az/aze/index.php/bank-isi/bunlar-bilmk-faydaldr/2769-kredit-goetuer-n-r-hm-t-getdikd-krediti-kim-oed-m-lidir

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma