antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Insan kapitalına investiya qoyuluşunun səmərəlilik göstəriciləri Dekabr 1, 2012

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 10:46 səhər

İnsan kapitalı – təhsilə və ixtisaslı hazırlığa qoyulmuş kapital texniki bilik və bacarıqlar ehtiyatı formalaşdırılmasını nəzərdə tutur. Onun sayəsində zənginləşmiş işçi qüvvəsi isə adi, ixtisas və təhsil almamış işçi qüvvəsinə nisbətən elmi-texniki tərəqqini daha sürətlə inkişaf etdirir, onun nailiyyətlərindən bacarıqla və səriştəli istifadə edir, nəticə etibarilə daha çox mənfəət, gəlir və məhsul yaradır, əhalinin daha firavan yaşamasına maddi imkan formalaşdrır.

İxtisaslı hazırlığa qoyulmuş kapital müəyyən əmək sahəsində səriştə və təcrübəyə malik inkişaf etmiş, həm də spesifiklik kəsb etmiş işçi qüvvəsidir ki, insanın buna malik olması üçün ona müəyyən təhsil və ya xüsusi hazırlıq verilməlidir, bunun üçün isə kapital qoyulmalıdır.

Xüsusi hazırlıq, təhsil tələb edən ixtisaslı əmək adi işçi qüvvəsinə nisbətən daha çox məsrəf tələb edən, istehsalına daha çox iş vaxtı sərf olunan və buna görə dəyəri daha yüksək olan işçi qüvvəsinin təzahürüdür.

Həm də ona görə belə kapitala insan kapitalı deyilir ki, təhsilə və ixtisas hazırlığına qoyulmuş kapital sayəsində işçi qüvvəsində toplanmış texniki biliklər və bacarıqlar ehtiyatı, işçi qüvvəsi, onun sahibi insan tərəfindən ona sərf edilmiş kapitalın dəyərindən daha çox dəyər yaradır, elmi-texnikanı inkişaf etdirir, ondan səmərəli istifadə edir, cəmiyyət üçün tələb olunan səviyyədə insan tərbiyə edir, demli, bütün növ kapitallar kimi, insan kapitalı da məqsədli səciyyə daşıyır.

Bunun sayəsində insan kapitalı əmək amilinin yeni iqtisadi formasını meydana çıxarır, onun inkişafını və formalaşmasını təmin edir. İnsan kapitalı işçi qüvvəsində texniki bilik və bacarıq ehtiyatının toplanmasını ifadə edir. Çünki bunsuz işçi qüvvəsi müasir elmi-texniki inqilab və elmi-texniki şəraitdə fəaliyyət göstərə bilməz. Məhz insan kapitalı öz mahiyyəti etibarilə insanda texniki biliklərin və bacarıqların artması sayəsində mövcud ehtiyatlardan daha faydalı istifadəni, hətta istehsal imkanlarının məhdudluğu şəraitində daha yüksək nəticələrə nail olunmasını şərtləndirir. İnsan kapitalı iqtisadi imkanlara deyil, əqli imkanlara görə daha çox məhsul və nemət istehsal etməyə imkan verir.

Amerika Birləşmiş Ştatlarının məşhur iqtisadçı alimləri Pol.A.Samuelson və Vilyam D.Nordahus özlərinin “İqtisadiyyat” dərsliyində insan kapitalını “təhsil və ixtisaslı hazırlığa qoyulmuş kapital sayəsində işçi qüvvəsində toplanılmış texniki bilik və bacarıqlar ehtiyatı” kimi qiymətləndirmişlər. Bununla yanaşı, həmin ölkənin Haarvard Universitetinin professoru N.Qreqori Mənkyu “İqtisadiyyatın əsasları” dərsliyində insan kapitalını “Təhsil və iş zamanı əldə edilən biliklər formalaşmasında insanda toplanmış investisiyalar” kimi dəyərləndirmişdir. Fikrimizcə, insan kapitalına verilən bu iki tərif məzmun və mahiyyətcə bir-birini tamamlasa da “İqtisadiyyat” dərsliyindəki fikirlər tutumlu, zəngin və dolğundur.

Mühüm sosial-iqtisadi, mənəvi və hətta siyasi əhəmiyyəti olan insan kapitalının normal olaraq reallaşdırılması və gerçəkləşməsi aşağıdakı istiqamətlər vasitəsilə təmin olunur:

– təhsilə kapital qoyuluşu vasitəsilə;

– ixtisaslı hazırlığa kapital qoyuluşu vasitəsilə;

– nəhayət, elmə kapital qoyuluşu vasitəsilə.

Son illərdə ölkəmizdə insan kapitalının reallaşması istiqamətində xeyli iş görülmüş, xüsusilə peşəkar kadrların hazırlanmasına, təhsilin inkişafına, bu sahəyə ayrılan büdcə vəsaitinin ildən-ilə çoxalmasına, təhsil işçilərinin sosial məsələlərinin həllinə, tələbələrin təqaüdlərinin artırılmasına, istedadlı tələbələrin xarici ali məktəblərə qəbuluna, təhsil işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilmişdir.

Ölkəmizdə təhsilin və elmin inkişafının yeni mərhələyə qaldırılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Onun təklif və tövsiyələri ölkədə təhsilin təşkili və inkişafının proqramına çevrilmişdir. Ulu öndərin hakimiyyətinin birinci mərhləsinin ilk ilində – 1969-cu ildə 244 ixtisas üzrə respublikadan kənara 47 tələbə göndərildiyi halda, 1980-ci ildə bu rəqəm 1400 nəfərə çatdırılmışdır. Ölkəyə rəhbərliyinin ikinci mərhləsində də ümummilli lider təhsilin və elmin inkişafına, insan kapitalının reallaşdırılmasına ciddi əhəmiyyət vermiş, ölkədən kənarda – həm Müstəqil Dövlətlər Birliyi, həm də dünyanın digər ölkələrində yüksək ixtisaslı kadrlar hazırlanması işinə xüsusi qayğı ilə yanaşmışdır.

Qeyd etmək lazımdır ki, orta və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi son illərdə xüsusilə diqqət mərkəzində saxlanılır, orta məktəblər üçün yeni binalar, ali məktəblərdə yeni korpuslar tikilir, laboratoriyalar zənginləşdirilir və yeniləri yaradılır. Bütün bunlar isə təhsilin keyfiyyətinin yüksəldilməsinə, işçi qüvvəsinin texniki bilik və vərdişlərinin artırılmasına, onların əməyinin səmərəliliyinin çoxalmasına əlverişli şərait yaradır. XXI əsrin “Təhsil əsri” elan edildiyi bir dövrdə ölkəmizdə təhsilə ayrılan vəsait ildən-ilə çoxaldılır. Belə ki, 2010-cu ildə təhsilin inkişafına 1,3 milyard manat vəsait yönəldilmişdir. Əgər 2004-cü ildə peşə təhsilinə 5,4 milyon manat ayrılmışdırsa, 2010-cu ildə bu rəqəm 26 milyon manata çatdırılmış, 2009-cu ildə ölkəmizdə ilk peşə-ixtisas təhsili sistemi formalaşdırılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” ilə ölkədə ilk peşə-ixtisas təhsilinin inkişafına böyük zəmin yaradılmışdır.

Onu göstərmək gərəkdir ki, ölkəmizdə son bir neçə ildə 1360 məktəb binası tikilmiş və 300-dən çox məktəb binası təmir edilmiş, 2006-ci ildə təhsilə ayrılan büdcə xərcləri 47 faiz, investisiya xərcləri 2 dəfədən çox artmışdır. Bundan başqa, 10 mindən çox azərbaycanlı gənc müxtəlif ölkələrin ən nüfuzlu ali məktəblərində ən zəruri ixtisaslar üzrə oxumağa göndərilmişdir. Təkcə ABŞ-da 400 nəfər azərbaycanlı gənc həmin ölkənin nüfuzlu ali məktəblərində təhsil alır. Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının ali və orta məktəblərdə tətbiqinə qoyulan vəsaitin həcmi getdikcə çoxalır. Hazırda ölkəmizdə də informasiya cəmiyyəti və elm tutumlu iqtisadiyyat formalaşmışdır. İnformasiya və kommunikasiyaların davamlı inkişafı dövlət siyasətinin prioritet istiqamətləri sırasında yer almış, onun nəinki sosial-iqtisadi inkişafda, habelə təhsilin və elmin irəliləməsində mühüm rolu hiss olunmağa başlamışdır.

Respublikamızda son 2 il ərzində 40 yeni uşaq bağçası tikilib istifadəyə verilmiş, 44 məktəbəqədər təhsil ocağı təmir edilmiş, nəticədə həmin müəssisələrə əlavə olaraq 8,6 min nəfər uşaq qəbul olunmuşdur. Görülmüş tədbirlər nəticəsində bütün şagirdlərin 80 faizinin tədris şəraiti yaxşılaşmış, ikinövbəli məktəblər 73 faizdən 44 faizə, ikinci növbədə oxuyan şagirdlər 34,5 faizdən 21 faizə endirilmişdir. Ölkəmizdə 2009-cu ildə 500 məktəb internetə qoşulmuşdur. Orta məktəb şagirdlərinin dərsliklərlə pulsuz təminatı kimi mühüm tədbir həyata keçirilmişdir.

Onu da qeyd etmək lazımdır ki, özünün intibah dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasında insan kapitalının reallaşdırılması məqsədilə təhsilin, ixtisaslı hazırlığın və elmin inkişafı üçün əsaslı tədbirlər görülərək həyata keçirilməsi təmin edilmişdir. Belə ki, muxtar vilayətdə 90-dan çox təhsil yönümlü yeni obyekt istifadəyə verilmiş, müasir avadanlıqla təchiz edilmişdir.

Həmçinin muxtar respublikada yeni məktəb binalarının inşa edilməsi davam etdirilir, onların texniki və kadr təminatı yaxşılaşdırılır, təhsil müəssisələrinin informasiya kommunikasiya texnologiyaları və pulsuz dərsliklərlə təmin edilməsi, məktəb kitabxanalarının zənginləşdirilməsi və fəaliyyətinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Muxtar respublikada 220 məktəbin hamısının kompyuterlə təmin edilməsi işi xeyli sürətləndirilmişdir. 2009-cu ildə muxtar respublikada 2580 yerlik 6 kənd məktb binası tikilmiş, 28844 yerlik 4 orta məktəb binası əsaslı təmir olunmuşdur. Keçən il muxtar respublikada 10 yeni ümumtəhsil məktəbi tikilmişdir ki, onların da əksəriyyəti rayon mərkəzlərindən uzaq kəndlərdə inşa edilmişdir.

Bundan başqa, Naxçıvan şəhərində 240, Şərur şəhərində 200, Culfa şəhərində 240 nəfərlik uşaq bağçaları, Babək qəsəbəsində 367, Şahbuz şəhərində 362 yerlik uşaq musiqi məktəbləri inşa edilmişdir. Culfa rayonunda ekoloji tərbiyə, texniki yaradıcılıq, uşaq yaradıcılıq, gənc turist və diyarşünaslıq mərkəzləri üçün ayrılmış binalar yenidən əsaslı təmir edilərək müasirləşdirilmişdir. Muxtar respublikanın ümumtəhsil məktəblərində hər 18 şagirdə 1 kompyuter olmaqla 2781 dəst kompyuterdən istifadə olunur. Onlardan 2193 və ya 79 faizi internetə qoşulmuşdur. 2009-cu ildə orta məktəbi bitirən şagirdlərdən 73 faizi, 2010-cu ildə isə 79 faizi ali məktəblərə sənəd vermişdir. 2009-cu ildə 1348 nəfər və ya 41 faizi ali məktəbə qəbul olunmuşdursa, 2010-cu ildə onların 1435 nəfəri və ya 46 faizi tələbə adını qazanmış, 431 nəfəri orta ixtisas məktəblərinə daxil olmuşdur. 2010-cu ildə Heydər Əliyev adına Hərbi Liseyi bitirmiş 190 kursantdan 187-si ali hərbi məktəblərə qəbul olunmuşdur.

Muxtar respublikada əgər 2009-2010-cu tədris ilində 113 tədris müəssisəsi istilik sisteminə qoşulmuşdursa, 2010-2011-ci tədris ilində daha 129 tədris müəssisəsi istilik sistemi ilə təmin edilmişdir.Həmçinin orta ixtisas məktəblərində xeyli uğurlar əldə olunmuşdur. Belə ki, 2009-cu ildə orta ixtisas məktəblərinə ümumi orta təhsil bazasında 226 nəfər, tam orta təhsil bazasında 196 nəfər olmaqla cəmi 422 nəfər qəbul olunmuşdursa, 2010-cu ildə orta ixtisas mktəblərinə qəbul olunanların sayı 431 nəfər olmuşdur.

Naxçıvan peşə liseyi üçün yeni bina istifadəyə verilib və bu tədris müəssisəsi cari ildən şagird qəbuluna başlayacaqdır. Liseyə 48 nəfər şagird qəbul olunacaq və burada 4 ixtisas üzrə mütəxəssis hazırlanacaqdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şərur peşə liseyi yaradılmış və burada bənna, dülgər, qaynaqçı, daşyonanlar hazırlanır. Lisey təşkil olunduğu gündən indiyədək burada 13 min, Culfa liseyində 8 min, Ordubad liseyində 5 min ixtisaslı kadr hazırlanmışdır.

Bundan başqa, ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün 255 elektron lövhə quraşdırılmışdır. Bütün bunlar ali məktəblərə qəbul imtahanlarında 500-700 bal intervalında nəticə əldə edən abituriyentlərin sayının artmasına öz təsirini göstərir. 2010-cu ildə 500-dən yuxarı bal toplayanların sayı 232 nəfərdən 280 nəfərə çatmışdır. İlk dəfə olaraq 9 nəfər tələbə prezident təqaüdünə layiq görülmüşdür. 2010-cu ildə orta məktəbi bitirənlərdən 64 nəfəri xarici ölkələrdə ali təhsil almaq hüququnu qazanmışdır.

Təhsilə göstərilən yüksək dövlət qayğısı muxtar respublikanın ali məktəblərinə qəbulun dinamikasında da özünü göstərir. Belə ki, 1996-cı ildə ali məktblərə qəbul olunanlar 40 nəfər, 2000-ci ildə 582 nəfər, 2005-də 1209 nəfər, 2010-cu ildə isə 1622 nəfər olmuşdur.

Naxçıvan Muxtar Respublikasında elmin inkişafına da xüsusi diqqət yetirilir. Son 15 ildə AMEA Naxçıvan bölməsinin tarix, etnoqrafiya və arxeologiya, incəsənət, dil və ədəbiyyat institutlarının, təbii ehtiyatlar institutunun, Batabat astrofizika rəsədxanasının və əlyazmalar fondunun, bioresurslar institutunun inzibati binaları, biokimyəvi tədqiqatlar laboratoriyasının və bioresurslar institutunun nəbatat bağının binaları tikilmiş və yenidən qurulmuşdur.

Naxçıvanda elmin inkişafı üçün dövlət tərəfindən maliyyə imkanları ildən-ilə artırılır. 2009-cu ildə muxtar respublikada elmin maliyyələşdirilməsinə 1995-ci ilə nisbətən 255 dəfə çox, yəni 2 milyon 89 min manat büdcə vəsaiti ayrılmışdır.

Eyni zamanda, təhsil sistemi üçün yüksək ixtisaslı elmi-pedaqoji kadrlar hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Ölkədə təhsilin və elmin inkişafının elmi əsaslarla qurulması prinsipi ardıcıl olaraq davam etdirilməlidir.Bundan başqa, təhsilin və elmin maliyyə təminatı mexanizminə bir daha yenidən baxılmalıdır. Həm də maddi istehsal və qeyri-maddi istehsal, xidmət müəssisələri üçün ixtisaslı kadrların hazırlığını təmin etmək məqsədilə respublikamızın bəzi nazirlikləri və iri maddi istehsal müəssisələri nəzdində onların hesabına daimi fəaliyyət göstərən kurslar və ixtisaslı işçilər hazırlayan məktəblər yaradılması məsələləri götür-qoy edilməlidir.

Ölkəmizin ali və orta ixtisas məktəb tələbələrinin, habelə sahibkarların və rəhbər işçilərin insan kapitalı və onunla əlaqədar digər məsələlər üzrə biliklərinin daha da genişləndirilməsi məqsədilə “İqtisadi nəzəriyyə” fənninə ayrıca bir mövzu salınmalı və tədris olunmalıdır.

Bütün bunlar onu deməyə əsas verir ki, indi ölkəmizdə təhsilin inkişafı üçün heç vaxt olmadığı qədər əlverişli şərait yaradılmışdır. Bu isə heç şübhəsiz, insan kapitalının reallaşdırılması və gerçəkləşdirilməsi işində yeni istiqamətlər formalaşdırmağa imkan verəcəkdir.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma