antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Mənzil-kommunal sahələrinə dövlət tədbirləri Aprel 3, 2013

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 2:20 axşam

Mənzil-kommunal təsərrüfatı ümumilikdə özündə mənzil təsərrüfatını (yaşayış kompleksinin istismarı və xidməti, yaşayış məntəqələrinin abadlaşdırılması, yaşıllaşdırılması) və kommunal xidmətlər sahələrini (su təchizatı və kanalizasiya xidmətləri, istilik, elektrik və qaz təchizatı, məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, lift xidməti, şəhər elektrik nəqliyyatı, hamam, camaşırxana və mehmanxana təsərrüfatı) əhatə edir.

Mürəkkəb   idarəçilik   strukturuna malik mənzil-kommunal təsərrüfatının tərkibinə yaşayış evləri və onların mühəndis avadanlıqları, ictimailəşdirilmiş bağ fondu, mənzil fonduna xidmət edən və mənzil fondunun idarəetmə sisteminin maddi-texniki bazası olan təmir-tikinti, istehsal, təchizat və digər kommunal təşkilatları daxildir. Mənzil fondunun mənsubiyyətindən asılı olmayaraq, texniki və sanitariya vəziyyətinə ümumi nəzarət şəhər və rayon icra hakimiyyətlərinin mənzil-kommunal birliklərinin nəzdində yerləşən mənzil-kommunal istismar sahələrinə həvalə olunmuşdur.

Mənzil-kommunal təsərrüfatının ən mühüm sahələrindən biri məişət-içməli su təchizatıdır. XX əsrin əvvəllərində Bakının su təsərrüfatında yaranmış çətinliklə bağlı yeni mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılmasında əsas işləri məşhur mesenat və neft sahibkarı Z.Tağıyev aparmışdı. 1910-cu ildə ingilis alimi Uilyam Lindleyin layihəsi əsasında Şollar-Bakı su kəmərinin tikintisinə başlanmış və o, 1917-ci ildə sutkada 18,5 min m3 içməli su gücündə istismara verilmişdi. Bundan sonra Azərbaycan paytaxtının içməli su ilə təchizatı tarixində mühüm səhifə açılmışdı. XX əsrin 30-cu illərinin sonunda həyata keçirilmiş bir sıra texniki tədbirlərin hesabına Şollar su kəmərinin gücü sutkada 109,0 min m3-ə çatdırılmışdı.

1969-cu ilə qədər Bakı və Sumqayıt şəhərləri içməli su ilə 3 mənbədən: Şollar, Xaçmaz su kəmərləri və Ceyranbatan su anbarından təmin olunurdu.

Son illər Azərbaycan hökumət tərəfindən bu sahəyə diqqət daha da artırır. Həm dövlət vəsaiti və həm də xarici investisiyalar hesabına su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, yeni xətlərin istifadəyə verilməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilir.

Əhalinin içməli su ilə təchizatı və kanalizasiya xidmətlərini yaxşılaşdırmaq, bu sahəni bazar münasibətləri əsasında inkişaf etdirmək və onun səmərəliliyini artırmaq məqsədilə Respublika Prezidentinin 252 saylı, 11.06.2004-cü il tarixli Sərəncamı ilə “Azərsu” Səhmdar Cəmiyyəti yaradılmışdır.

2004-2008 illəri əhatə edən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublikanın şəhər və rayon mərkəzlərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə mövcud sistemlərdə yenidənqurma işləri aparılır, yeni su və kanalizasiya xətləri çəkilir.

Paytaxt Bakının içməli suya olan tələbatını tam ödəmək məqsədilə dövlət vəsaiti hesabına Oğuz-Qəbələ zonasından Bakı şəhərinə uzunluğu 262 km olan yeni su kəmərinin (Oğuz-Qəbələ-Bakı Su Kəmərinin) çəkilişi uğurla həyata keçirilmişdir.

Son vaxtlar Dünya Bankının işçi qrupu tərəfindən regional su təchizatı və kanalizasiya sistemlərinin inkişafı (2007-11) və Bakının su təchizatı və kanalizasiya sistemlərinin inkişaf strategiyası barədə təkliflər hazırlanmış, bu təkliflərin həyata keçirilməsi Bakının, respublikanın rayon mərkəzlərinin, kiçik şəhərlərin və onlara yaxın ərazilərdə kəndlərin əhalisinin mövcud norma və standartlarının tələblərinə uyğun məişət-içməli su ilə təmin olunmasına, kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına imkan verəcəkdir.

Ötən əsrin 50-ci illərinin əvvəllərində “Qırmızı Ulduz” stansiyası qonşu neftayırma zavodları üçün buxar verməyə başladı və bununla da stansiya istilik mərkəzinə çevrildi. Məhz bu dövrdən Azərbaycanda mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin yaradılmasına başlanmışdı.

Bakı şəhərində və respublikanın digər sənaye şəhərlərində yeni yaşayış massivlərinin salınması ilə əlaqədar yeni isitmə sistemi – yüksək dərəcədə mərkəzləşdirilmiş və müasir tipli qazan aqreqatlarından ibarət olan rayon istilik qazanxanaları sistemi ötən əsrin 60-cı illərindən tətbiq olunur.

“Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08.06.2005-ci il tarixli, 847 saylı sərəncamına əsasən, ölkə əhalisinin və digər istehlakçıların etibarlı və keyfiyyətli istilik təchizatı xidmətlərinin təşkilinin əsaslı surətdə yaxşılaşdırılması, bu sahənin mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi, onun səmərəliliyinin artırılması və bu sahəyə investisiyaların cəlb edilməsi məqsədilə “Azəristiliktəchizat” ASC yaradılmış, Azərbaycan Respublikasının yaşayış məntəqələrində yaşayış evlərinin və binaların, habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatı işlərinin həyata keçirilməsi bu cəmiyyətə həvalə edilmişdir.

Son vaxtlar əhalinin təbii qazla təchizatmı yaxşılaşdırmaq məqsədilə iri layihələr hazırlanıb həyata keçirilir. Qəbul olunmuş Dövlət Proqramlarına uyğun olaraq, respublikanın bütün rayonlarını (Naxçıvan MR də daxil ol-maqla) 2004-ci ildən etibarən təbii qazla təmin edilməsi işinə başlanılmışdır. Bakı şəhərinin və ətrafının su təchizatı sistemlərində yenidənqurma işləri aparılmış, Kür və Ceyranbatan baş su-təmizləyici qurğuları bərpa edilmiş, yüksək məhsuldarlıqlı regional nasos stansiyaları kompleksləri yenidən qurulmuş, məhəllədaxili nasos stansiyaları təmir olunmuş, böyükdiametrli magistral və şəhər supaylayıcı boru kəmərləri təzələnmişdir.

Kommunal infrastruktur üzrə şəhərlərin su təchizatı sistemlərinin bərpasına Almaniyanın KfW Bankı tərəfindən ayrılmış kredit hesabına çəkilmiş İmişli şəhər su təchizatı sistemi istifadəyə verilmişdir. Mənzil-kommunal təsərrüfatında mənzil sferasında idarəçilik və xidmət sistemində rəqabət mühitinin inkişafı, müqavilə münasibətlərinin təkmilləşdirilməsi, mənzil fondu və kommunal obyektlərin dövlət tənzimlənməsi və nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, mənzil mülkiyyətçilərinin hüquqlarının qorunması və müdafiəsi, xidmətlərin keyfiyyətlərinin yaxşılaşdırılması və mənzil fondunun təmir edilməsi mülkiyyətçilərin birlik müəssisələrinin yaradılmasının təmin edilməsi, əhalinin, xüsusilə kənd əhalisinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, su, qaz, rabitə və s. ilə təminatının müasir tələblər səviyyəsinə çatdırılması, bu məqsədlə həmin sahələrdə restrukturizasiya tədbirlərinin davam etdirilməsi, kommunal ödənişlərlə kart sisteminin tətbiqi aparılan böyük islahatların əsas istiqamətləridir.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma