antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Ölkə iqtisadiyyatının formalaşmasında tikinti sahəsinin rolu Aprel 18, 2013

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 2:28 axşam

Böhran bu sahəni sıradan çıxarsa da, gizlədilən rəqəmlər böyük işlərin hələ də davam etməsindən xəbər verir  İri çinli məmurların himayəsində olan tikinti şirkətləri isə hər şeyə rəğmən inşaat işlərini davam etdirirlər

2000-ci ilin əvvəllərindən paytaxtda başlayan və getdikcə sürətlənən tikinti bumu həm də özündə problemlərin artması ilə müşahidə olundu. Xatırlayırsınızsa, 2007-ci ilin avqustun 28-də şəhərin mərkəzində çoxmərtəbəli binanın çökməsi bu sektordakı bir çox əyrintiləri çılpaqlığı ilə ortaya qoymuş oldu.

Tia.az araşdırmasına görə tikintidə əmək qanunvericiliyinin pozulması, keyfiyyət problemləri artıq neçə vaxtdır mətbuatın, ictimaiyyətin müzakirə və qınaq obyektidir. Düzdür, qeyd edilən sektorda mövcud olan problemlər dəfələrlə deyilib, aidiyyəti orqanlara çatdırılıb. Amma qeyd etdiyimiz hadisənin baş verməsi səlahiyyət sahiblərinin öz məsuliyyətlərini bir o qədər də dərk etmədiklərini növbəti dəfə sübut etdi. Gün kimi aydın olan bir məqam həm də ondan ibarətdir ki, tikinti sektorunda baş verənlərə bu qədər göz yumulmasının başlıca səbəbi bu sektorun ən yuxarı səviyyələrdə himayə edilməsidir. Bakıda gedən sürətli tikinti işlərinin neftdən sonra gəlir gətirən ikinci böyük sahə olduğu məlumdur. Sadəcə olaraq, neftdən gələn gəlirə həm beynəlxalq ictimaiyyətin, həm də ölkə ictimaiyyətinin nəzarət imkanları daha genişdir, nəinki tikintidəki dövriyyəyə. Elə bu səbəbdən də Azərbaycandakı gizli iqtisadiyyatın böyük faizi məhz tikinti sektorunun payına düşür.

Məsələ burasındadır ki, tikintiyə himayədarlıq edənlərin öz gəlirlərini büdcədən yayındırma imkanları daha genişdir, tikinti sektoru korrupsiya tutumu böyük olan sahədir. Məlumat üçün qeyd edək ki, 2006-cı ildə tikintiyə qoyulan investisiyaların həcmi 6.23 milyard, 2007-ci ildə 7.2, 2008 və 2009-cu illərdə isə 8 milyard manatdan artıq olub. Həmin vəsaitin 5.31 milyard manatını istehsal təyinatlı qoyuluşlar təşkil edib. Beləliklə, ötən ilin yekunlarına görə, ÜDM-də tikintinin payı 7,4 faiz olub.

Paytaxtda torpaqların alqı-satqı prosesi də olduqca qeyri-şəffaf gedir. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normativlərlə götürsək, Bakıda ən bahalı torpaq sahəsinin hər sotu uzağı üçrəqəmli ədədlə ölçülür, lakin hazırda şəhərin hətta 12-ci zonasında, yəni mərkəzdən ən uzaq ərazisində belə sotunu iki-üç min manatdan aşağı qiymətə torpaq tapmaq qeyri-mümkündür. Mərkəzdən isə danışmağa dəyməz – təkcə İnqilab küçəsində torpağın sotu 400-450 min manatdır. Bu isə rəsmi orqanların torpağı yüksək qiymətə satıb, aşağı qiymətə rəsmiləşdirməklə büdcədən külli miqdarda vəsait yayındırmasına imkan yaradır. Qiymətlərin tüğyan etdiyi bir vaxtda isə paytaxtda yüzlərlə göydələn ucalmaqdadır. Şəhərin mərkəzində təxminən 6-7 sotluq ərazidə inşa edilən bir binanın təkcə torpağının qiyməti 3 milyon manata yaxın edir. Normalda isə bir binanın ucaldılması üçün minimum 15-20 sot torpaq gərəkdir. 2007-ci ilin avqustunda çoxmərtəbəli binanın uçması tikintidəki problemlərin nəinki genişmiqyaslı olduğunu, həm də onların ildən-ilə artdığını, həmçinin bu problemlərin müxtəlif xarakterli olduğunu aşkarladı. Bu sektordakı başlıca problem gizli məşğulluqla bağlıdır. Məlum olduğu kimi, tikintidə həmişə başqa sektorlara nisbətən daha çox işçi qüvvəsi çalışıb. Statistik məlumatlara görə, ötən il məşğulluqda tikintinin payı 5,6 faiz olub. Bu göstərici tikintinin iqtisadiyyatda tutduğu paya adekvat olmamaqla yanaşı, eyni zamanda dinamikada da etibarsız görsənir. Belə ki, statistikaya görə, 2007-ci ildə tikintidə çalışanların orta illik sayı 1995-ci illə müqayisədə xeyli az olub. Bu, heç də o demək deyil ki, 1995-ci illə müqayisədə ötən il tikinti işlərinin həcmi az olub. Əksinə, 2007-ci ildə tikinti işlərinin həcmi 1995-ci illə müqayisədə 15,8 dəfə çox olub. Fikrimizcə, bu göstərici tikinti şirkətlərinin məşğulluğu gizlətməsinin, dövlət əmək nəzarətinin isə zəif olmasının ifadəsidir, hansı ki, 28 avqustda onun yaratdığı problemləri daha qabarıq gördük.

Rəsmi statistikaya görə, ötən il Bakıda 858 tikinti müəssisəsi fəaliyyət göstərib və orda 36771 nəfər çalışıb. Bu hesabla hər müəssisə üzrə işçilərin orta sayı 43 nəfər təşkil edib. Lakin bunun reallıqdan olduqca uzaq bir rəqəm olduğu danılmaz faktdır. Çoxmərtəbəli binanın uçma səbəbləri araşdırılarkən həmçinin aydın oldu ki, tikintidə istifadə olunan sementin keyfiyyəti aşağı olmaqla yanaşı, həcmi də normadan dəfələrlə azdır. Keyfiyyətin aşağı olmasının əsas səbəbi bu sektorda rəqabətin təmin olunmaması ilə izah olunur. Ölkədə sement istehsalına nəzarəti «Qaradağsement» zavodu, beton istehsalına nəzarəti isə «Akkord» və «Gilan» şirkətlər qrupu edir. Və materialın hansı keyfiyyətdə olmasından asılı olmayaraq, tikinti şirkətləri onlarla işləməyə məcbur olur. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, tikinti sektorunda da bir neçə şirkət, xüsusilə də yuxarıda adları çəkilən «Akkord» və «Gilan» şirkətlər qrupu, həmçinin «ZQAN-Holdinq» hegemonluq edir ki, bu şirkətlər də ən yuxarı səviyyədə himayə olunurlar. «Akkord» şirkətlər qrupu əvvəllər baş prokuror Zakir Qaralovun adı ilə bağlansa da, artıq şirkətin digər şəxslər tərəfindən himayə olunduğu ilə bağlı söz-söhbətlər dolaşmaqdadır.

Şirkət təkcə tikinti ilə məşğul olmur, həmçinin bir çox sahələrdə fəaliyyət göstərir. «Gilan» isə başqa bir məmurun tikinti fəaliyyətini yönləndirir. «ZQAN-Holdinq» nəqliyyat naziri Ziya Məmmədova məxsus olmaqla yanaşı, həm də təkcə tikinti sektorunda deyil, bir çox sahələrdə, o cümlədən yükdaşıma sahəsində hegemonluq edir.

Bu arada qeyd etmək yerinə düşər ki, bir müddət öncə Nazirlər Kabineti «Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikinti işlərinin dayandırılması haqqında Qaydalar»ını təsdiq edib. Nazirlər Kabinetindən mətbuata verilən məlumata görə, həmçinin yerli icra hakimiyyəti orqanlarına fəaliyyət göstərdikləri ərazi vahidlərinin hüdudlarında istifadə edilmiş konstruktiv elementlərin yükdaşıma qabiliyyəti pozulmaqla aparılan əsaslııtəmir, yenidənqurma və bərpa işləri barədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə dərhal məlumat vermələri tapşırılır.

Qaydalar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən I və II məsuliyyət səviyyəli bina və qurğuların(12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri istisna olmaqla) tikintisində tikinti norma və qaydalarına, müvafiq qaydada təsdiq edilmiş layihə sənədlərinə və normativ hüquqi aktların tələblərinə riayət edilməməsi nəticəsində yol verilmiş pozuntuların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə tikinti işlərinin dayandırılması mexanizmini müəyyən edir. Qaydalara əsasən, I məsuliyyət səviyyəli bina və qurğulara dağıntısı və ya məhv olması zamanə ölkəyə böyük iqtisadi, sosial və ekoloji ziyan vuran bina və qurğular və həmçinin nadir binalar və qurğular, tarixi və memarlıq abidələri, II məsuliyyət səviyyəli bina və qurğulara isə I məsuliyyət səviyyəli bina və qurğulara daxil edilməmiş üç və daha artıq mərtəbəli yaşayış evləri, təhsil və səhiyyə obyektləri, mədəni-məişət, sosial və infrastruktur təyinatlı obyektlər, istehsalat, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə bina və qurğular aiddir. Tikinti obyektlərində tikinti işlərinin yerinə yetirilməsinə nəzarət agentliyin tikinti müfəttişləri tərəfindən həyata keçirilir. Dövlət Agentliyi yoxlamanın başlanmasından 2 gün əvvəl sifarişçiləri və tikinti işlərini yerinə yetirən şəxsləri tikinti obyektində yoxlama başlanması vaxtı haqqında məlumatlandırmalı və Komissiyanın işlədiyi müddətdə tikinti işlərinin dayandırılması haqqında yazılı göstəriş verməlidir.

Tikinti sektorundakı başlıca problemlərdən biri də buradakı qaydaların mürəkkəbliyilə əlaqələndirilir. Dünya Bankı ekspertləri hesab edirlər ki, qaydaların mürəkkəbliyi bu sahə ilə məşğul olanların həmin qaydalara əməl etməmək üçün ən müxtəlif üsullara əl atmasına səbəb olur. Nəticədə bir çox xoşagəlməz hadisələr müşahidə olunur. Yəni, əgər tənzimləmə qaydasındadırsa, deməli, hər şey qaydasındadır.

Amma həddən artıq yol verdikdə, bir qayda olaraq, bu sahə ilə məşğul olanlar ondan yan ötməyə məcbur olacaqlar. Bina uçmasından sonra bu sahəyə diqqət artıb və indi bu sahədə tənzimləmənin düzgünləşməsi, yəni müəyyən qədər sadələşməsi ilə bağlı müzakirələr aparılmaqdadır. Dünya Bankının ekspertlərinə görə, çoxmərtəbəli binanın uçmasından sonra həyata keçirilən inzibati tədbirlər vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər. Beynəlxalq Maliyyə Korporasiyası da hökuməti inandırmağa çalışır ki, bu sahədə qaydaları sadələşdirmək problemlərin həllində mühüm rol oynaya bilər.

Qanunla əlaqəli məqamlar – Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi təsdiq edilsin.

2. Məcəllənin aşağıdakı müddəaları bu maddədə nəzərdə tutulmuş müddətdə və qaydada qüvvəyə minir:

2.1. şəhərsalma və tikinti sahəsində bələdiyyələrin səlahiyyətlərinə, şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair müddəalar – həmin məsələlərlə bağlı müvafiq qanunlar qəbul edildikdə;

2.2. tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa – Məcəllənin qüvvəyə mindiyi gündən 3 il sonra.

3. Məcəllənin bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş müddəaları istisna olmaqla, Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

4. Məcəllənin qüvvəyə mindiyi gündən “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 473; 2001, № 11, maddə 676; 2002, № 5, maddə 241; 2007, № 10, maddə 938; 2008, № 7, maddə 602; 2009, № 5, maddə 310, № 12, maddə 948; 2010, № 4, maddə 275) ləğv edilir.

5. Şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır.

6. Məcəllə qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə hüquqi qüvvəsini saxlayır. Bu sənədlər məqsəd və məzmun baxımından Məcəllənin V fəslinin müddəalarına

uyğunlaşdırılmalı, eləcə də Məcəllə ilə müəyyən edilmiş qaydada elan olunmalıdır. Mövcud ərazi planlaşdırılması sənədlərində dəyişikliklər Məcəllənin 32.1–32.3-cü, 34.1–34.3-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7. Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Bu cür ərazi planlaşdırılması sənədləri barədə onların sifarişçiləri Məcəllədə nəzərdə tutulmuş qaydada ictimaiyyətə ətraflı məlumat verməli və həmin sənədləri öz saytlarında dərc etməlidirlər.

8. Məcəllə qüvvəyə minənədək torpaq islahatı ilə bağlı torpaq sahələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada kənd ərazilərində naturada işlənilmiş və təsdiq edilmiş yerquruluşu planları müfəssəl planlara bərabər sayılır.

9. Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətində qüvvədədir. Məcəllə qüvvəyə minənədək tikintiyə icazə verilməsi üzrə başlanılmış icraat Məcəllənin 75-76-cı maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

10. Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə Məcəllənin yalnız XVI-XVIII fəsillərində nəzərdə tutulmuş müddəalar şamil olunur.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma