antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Maliyyə siyasəti və maliyyə potensialı Oktyabr 5, 2012

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 10:33 səhər

            Maliyyə siyasəti – dövlətin öz funksiyalarını həyata keçirmək üçün maliyyə resurslarının səfərbər edilməsinə, onların məqsədəuyğun bölüşdürülməsi və səmərəli istifadə edilməsinə yönəldilən xüsusi fəaliyyət sahəsidir. Maliyyə siyasəti dövlətin maliyyə resurslarının toplanması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar həyata keçirdiyi tədbirlərin məcmusundan ibarətdir. Maliyyə siyasəti ictimai həyatın bütün tərəflərini, yəni həm iqtisadi, həm sosial və həm də beynəlxalq münasibətləri əhatə edir. Dövlət həyata keçirilən maliyyə siyasətinin başlıca subyektidir. O, perspektiv üçün maliyyə inkişafının əsas istiqamətlərinin strategiyasını, qarşıdakı dövrə fəaliyyət taktikasını, iqtisadi məsələlərə nail olmağın vasitə və yollarını müəyyən edir.

            Maliyyə potensialı – perspektivə hesablanan və bir qayda olaraq kiçik, orta, iri miqyaslı məsələlərin həllini nəzərdə tutan maliyyə siyasətinin real uzunmüddətli xəttidir.

            Dövlətin maliyyə siyasətinin formalaşmasının ümumi prinsipləri aşağıdakılardan ibarətdir:

            1. Maliyyənin inkişafının elmi cəhətdən əsaslandırılmış konsepsiyasının hazırlanması. O, iqtisadiyyatın durumunun, onun sabitliyi perspektivinin, məhsuldar qüvvələrin və istehsal  münasibətlərinin inkişafının, xalq təsərrüfatının və ölkə əhalisinin maliyyə resurslarına tələbatının təhlili əsasında formalaşır.

            Maliyyənin inkişafının elmi cəhətdən əsaslandırılmış konsepsiyasının məqsədi cəmiyyətin inkişafı tələbatının ödənilməsi üçün zəruri olan maliyyə resurslarının daha tam səfərbərliyə alınmasından ibarətdir. O, sənaye və kənd təsərrüfatı istehsalının, qeyri – istehsal sferasının və sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradılmasını nəzərdə tutur.

            2. Maliyyə resurslarının bir hissəsinin dövlətin mərkəzləşdirilmiş fondlarında təmərküzləşməsi. Dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşması, ordunun, məhkəmə, icra hakimiyyəti orqanlarının, təhsilin, səhiyyənin mədəniyyət müəssisələrinin maliyyələşdirilməsinin təmin edilməsi və habelə dövlət və müdafiə təyinatlı obyektlərin tikintisi üçün vəsaitin yığılması məqsədilə həyata keçirilir.

            3. Dövlətin maliyyə resurslarından istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi. Maliyyə resurslarının istifadə edilməsinin əsas istiqamətlərinin hazırlanmasının məqsədi onlardan daha səmərəli istifadə edilməsindən ibarətdir. Buna isə hər şeydən əvvəl resursların üstün sahələrə və sosial sferaya bölüşdürmək yolu ilə nail olunur. Az maliyyə məsrəfi ilə daha yüksək nəticələrə nail olmaq həm bütövlükdə dövlət və həm də hər bir təsərrüfat subyekti üçün birinci dərəcəli vəzifə hesab edilir.

            4. Qarşıya qoyulmuş məqsədlərə nail olmağa yönəldilən praktiki fəaliyyətin həyata keçirilməsi, iqtisadiyyatın inkişafına maliyyənin təsirinin müəyyən edilməsi. Bunun üçün maliyyə münasibətlərinin təşkili üsullarının məcmusu kimi müəyyən edilən səmərəli maliyyə mexanizminin fəaliyyəti zəruridir. Bu isə özünə aşağıdakıları daxil edir:

  • milli gəlirin bölgüsü metodları;
  • dövlət büdcə fondlarının yaradılması üsulları (dövlət və yerli)
  • məqsədli dövlət fondlarının yaradılması metodları;
  • büdcəyə və məqsədli fondlara tədiyyə ödənişlərinin növləri;
  • maliyyə planlaşdırılması və proqnozlaşdırılması;
  • maliyyə nəzarəti.

Azərbaycan Respublikasının 2012-ci ilin maliyyə siyasəti və maliyyə potensialı üzrə əsas elementləri aşağıdakılar əhatə edir:

  • 2012-ci ilin pul və maliyyə sabitliyi siyasətinin  əsas istiqamətləri iqtisadi artımın və inkişafın   başlıca şərti olan makroiqtisadi sabitliyin qorunmasına, bank sektorunda maliyyə sabitliyinin təmin olunmasına və maliyyə vasitəçiliyinin dərinləşməsinə yönəldilib. Bu hədəflərə nail olmaq üçün Mərkəzi Bank pul siyasətinin və bank nəzarətinin strateji çərçivəsinin davamlı təkmilləşdirilməsini həyata keçirəcək, habelə makroiqtisadi siyasətin koordinasiyasının daha da təkmilləşməsinə zəruri dəstək verəcəkdir.
  • 2012-ci ildə pul və məzənnə siyasəti ölkədə makroiqtisadi sabitliyin qorunmasına yönəldiləcək, kontr-tsiklik siyasət çərçivəsinin formalaşması mühüm prioritet olacaqdır. Pul siyasəti inflyasiya və iqtisadi artım, pulun dəyəri və iqtisadiyyatda gəlirlik norması arasında mümkün optimal balansın tapılmasına istiqamətlənəcəkdir. Bank sektorunda dayanıqlığın və sabitliyin qorunması, bank aktivliyinin  optimallaşması, sektorun tarazlı  və sağlam inkişafı 2012-ci ildə maliyyə sabitliyi siyasətinin əsas imperativləridir.

 

Bir şərh yazın